четверг, 1 июня 2017 г.

Qazıyev qardaşları - xeyir və şər

 90-cı illərdə mühəribənin şiddətli dönəmlərində özünü fəda edənlərdən də biri keçmiş Müdafiə naziri Rəhim Qazıyev idi. Heydər Əliyevin hakimiyyəti dövründə Rəhim Qazıyevə böyük təyziqlər olsa belə, o mərdliyindən geri qalmırdı. Heydər Əliyev Rəhim Qazıyevi ömürlük həbs etsə də, o Heydər Əliyevin qarşısında əyilmədi və bu gün də Əliyev rejimi ilə barışmaz mübarizədədir. Rəhim bəy 11 il azadlığını fəda edərək, bu gün də əvvəlki mövqeyindədir. Bir neçə il əvvəl İlham Əliyevə “Əsgər Ölümləri” ilə bağlı məktubu sübüt etdi ki, Rəhim Qazıyev tutduğu haqq yolundan dönən deyil.
Elə insanlar var, tarix yazır. Elə insanlar da var ki, tarix onları yazır. Bəli, Rəhim bəy tarix yazan insanlardan biri idi, amma heyif ki, onunla eyni soyadı daşıyan, Qazıyev soyadına ləkə vuracaq Rahab Qazıyev adlı qardaşı var.












Bilənlər bilir, mənim də cəmiyyət içərisində az-çox tanınan böyük qardaşım var. Yaşca ondan kiçik olsam da, həmişə çalışmışam ki qardaş olaraq ona öz dəstəyimi əsirgəməyim, bu ada qara ləkə yox, daima hörmət qazandırım. Mənim hansısa xoşagəlməz bir hərəkətim qardaşım Seymurun silahı olan qələminə qara ləkələr gətirə bilərdi. Sənin qardaşın keçmiş Müdafiə Naziri ola, silaha sarılıb hər iki mənada düşmənləri ilə mübarizə apara, hər iki düşmən qarşısında əyilməyə və sən Rahab Qazıyev olaraq, onun adına zərbə vurub hər şeyi alt-üst edəsən. Bu yazını Rəhim bəyi tərifləmək üçün yazmıram, əsla belə bir fikirdə də deyiləm. Mən heç Rəhim Qazıyevin Rahab Qazıyev adlı qardaşı olduğunu da bilmirdim. Peşə sahəm təmir-tikinti ustası olduğuna görə, tanışlardan biri mənə zəng edərək (2017-ci il martın əvvəli), Rəhim Qazıyevin qardaşının evində təmirlə bağlı işlər olduğunu bildirdi. Mənim də Rəhim bəyin mərdliyinə böyük hörmətim olduğundan, dərhal dedim ki, heç bir problem yoxdur, həll edərik. Telefonla əlaqə saxlayıb Rahab Qazıyevin evinə yollandıq. Evə girəndə öncə elə bildim ki, hansısa illərlə qapısı açılmayan bir otağa daxil oldum. İnandırım sizi ki, bəlkə heç küçədə yatan bomjun sığınacağından elə bir üfünətli qoxu gəlməzdi. Bəlkə də bunları yazdığıma görə məni qınayacaqsız. Yazıram biləsiniz - bu adamın evinə o qədər əl gəzdirilməmişdi ki, təmir gedən ərəfədə evdən 90-cı illərin zibilləri atılırdı. Bir çox ev sahibləri kimi Rahab Qazıyev də evdə təmirlə bağlı görüləcək işlərə görə qiymət razılaşması zamanı yüngülvari təmir istədiyini bildirdi. Görüləcək işlərə uyğun olaraq, həm də Rəhim Qazıyevə olan böyük hörmətimə görə (mənə də bəzi dostlar qardaşım Seymur Baycana görə güzəşt edirlər, daima belə halları dəyərləndirməyə çalışıram), münasib qiyməti deyərək, iş başlayacağı günü təyin edib razılığa gəldik. Elə ilk günlərdəcə gördüm ki, bu adamlar yavaş-yavaş verdikləri vədlərdən qaçmağa çalışırlar. Biz adətən belə görmüşük ki, istənilən sahədə razılaşdırılan işdən əlavə işlər gördürən şəxs pulunu da görülən işə uyğun olaraq ödəməlidir. 800 manata razılığa gəldiyimiz halda, əlavə işlər görüldüyü üçün təmir 1530 manata başa gəldi. Hər dəfə nəzərdə tutulandan əlavə işlər gördürdükcə, Rahab Qazıyevin işlətdiyi ifadə belə olardı: "Ömrümdə bir dəfə ev təmir etdirirəm, qoy qəşəng olsun". Mən bir söz demirəm, qəşəng evə sahib olmaq yəqin ki hamının haqqıdır, amma Rahab Qazıyevin qəşəng evdə yaşaması üçün mənim ona heç bir borcum və öhdəliyim yox idi. İnsan nə qədər vicdansız olsun ki, evində usta işlətsin və onun haqqını dansın? Sizcə belə bir insana nə ad vermək olar? Mənim düşüncəmə görə, belə insanlara pul altda yatan insan deyirlər. Viktor Hüqonun məşhur bir deyimi var: "Yalan ifadə vermək, yalan şahidlik etmək, əsassız ittihamı müdafiə etmək, qanunsuz hökm, qərar, qətnamə qəbul etməklə qazandığı pulla arvadına və qızına alt paltarı alan kişilər evində fahişə saxlayır. Çünki həmin alt paltarlarında haqqı pozulan başqa kişilərin də haqqı var”. Razılaşmadan kənar gördüyüm işlərin zəhmət haqqını ala bilmədiyim üçün tam haqqım var idi ki, həmin bitirdiyim əlavə təmir işini məhv edərək, yerlə yeksan edim. Etmədim, edə bilmədim. Viktor Hüqonun “Səfillər” romanında gözəl bir məqam var. Keşiş bir nəfərə gecələmək üçün sığınacaq verir. Həmən gecələyən insan keşişin qaldığı monastırdan gümüş şamdanları və başqa qiymətli əşyaları gecə yarısı oğurlayıb qaçır. Keşiş bu haqda heç kimə heç bir məlumat vermir. Oğrunu səhərisi gün polislər tutub kilsəyə gətirərək, keşişə təhvil verir, amma keşiş şikayətçi olmur. Polislər gedəndən sonra keşiş oğurluq edənə üzünü tutaraq deyir ki, mən səni bağışlamaqla sənin vicdanını satın aldım. Mən də gördüyüm əlavə işlərin haqqını ödəməkdən imtina edən Rahab Qazıyevin vicdanını satın aldım. Belə satın aldım ki, yaşadığı mənzilə işıq xətti çəkmişdim. Rahab Qazıyevdən başqa, yaşadığı mənzildə onun həyat yoldaşı və qızı yaşayır. Pulu ödənilmədən çəkilən o işıq hər dəfə yandırılıb söndürüldükdə mən onun vicdanını satın almış oluram. Rahab Qazıyev məzilinin isti olması üçün əlavə olaraq kombi sistemi çəkdirmişdi. Kombi sistemi ilə hamam, ayaqyolu, dəhliz və mətbəxə istilik xətti verilirdi. Rahab Qazıyev ailəsi ilə bərabər hər dəfə o istilik sistemindən yararlanan zaman mən onun vicdanını satın alıram. Pulu ödənilmədən gördürülən bütün işlərdən faydalanan zaman mən bu adamın vicdanını təkrar-təkrar satın almış oluram... Rahab Qazıyev evində təmir zamanı mənə əlavə işlər gördürdükcə düşünürdum ki, Rəhim Qazıyevin qardaşı olaraq, jest edib ustaya zəhmətinin müqabilində bir hədiyyə də etmiş olar. Elə olub ki, işlədiyim ev sahibləri ustaya danışılan məbləğdən əlavə bir köynək də hədiyyə edib. Belə bir jest eləmək alicənab insanlara məxsus bir davranış nümunəsidir. Bunun özü də bir mədəniyyətdir. Bu da ki Rahab Qazıyev kimilərə yad bir xüsusiyyətdir. Gördürdüyü işlərə görə haqqı danmaq, vicdanı satmaq Rahab Qazıyevə ucuz başa gəldi deyə, acı da olsa, həqiqəti deyə bilmədi, əksinə, nadanlıq edib haqqı dandı. Vicdanı satmaqdansa, acı da olsa, çətin də olsa haqqı danmamalı idi, ən azından, Rəhim Qazıyevin qardaşı olaraq bu mərd ada ləkə gətirməmək üçün. İnsanı şüursuz canlılardan fərqləndirən ən böyük və ali fərq vicdandır. Mövzudan kənar olsa da bunu da qeyd etməliyəm: 2000-ci ilin may ayında işləmək üçün Qazaxıstana getmişdim. Amma haqlının haqqını yeyən vicdansız insanları gördükdə dözə bilməyib, cəmi bir ay sonra vətənə qayıtdım. Öz- özümə deyirdim qurban olaram vətənimə. Mən heç vaxt imkan verməzdim ki, hansısa ev sahibində haqqım qalsın. Nə də olmasa insanlara inam yoxdur. Sadəcə olaraq, adama aldadılmağı pis təsir edir. Məni Rahab Qazıyevlə tanış edən adamdan, gördüyüm əlavə işlərin haqqı necə olacaq, - deyə soruşanda rəhmətə getmiş anasının ruhuna and içərək, çörəyi qırıqlayaraq dedi ki, pulunu son qəpiyinə kimi alacaqsan. Mənim yerimə kim olsa, bəlkə də inanardı. Amma bəlkə də bu mənə yaxşı bir dərs oldu ki, illərin dostu, yoldaşı olsan da, heç kimə inanmaq, güvənmək olmaz. Ya bəlkə də, yaxşı insanların qədrini bilmək kimi bir sınaq idi bu. Bəli, həyatda yaxşı insanlar olmasaydı, yamanların, vicdansızların əlində çoxdan məhv olmuşduq. Keçənlərdə bir evdə işləyirdim; ev sahibəsi dul qadın idi, işimi çox bəyənərək, zəhmətimi qiymətləndirib 25 manat da artıq zəhməthaqqı verdi. Söhbət 25 manatda deyil, söhbət dul bir qadın qədər mənliyi, casarəti olmayan, bir ustanın haqqını kəsən və ən önəmlisi, Rəhim Qazıyev kimi adamın qardaşı olub da, onun adına ləkə gətirən bir tipin heç nə olmayıbmış kimi həyatına davam etməsindən gedir. Bəlkə də mənim Rahab Qazıyevə ünvanladığım bu yazı mədəni bir müraciətdi, bəlkə də daha betər sözlərə layiq idi o şəxs. Rahab Qazıyevin dediyinə görə, ailəsi Ramazan ayında oruc tutur. Sizcə, ustanın haqqını kəsən bir ailənin tutduğu oruc batil olmurmu?.. Elvin Baycan 28.05.2017

Комментариев нет:

Отправить комментарий